logo

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

09:59 06-11-2024 | icon 224
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

1926-cı il noyabrın 6-da Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlandı. Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.

 YeniAvropa  Azərbaycan televiziyası və radiosunun keçdiyi inkişaf yoluna nəzər yetirir.

Polad bloklardan yığılmış 180 metrlik ilk televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı il fevralın 14-də ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə "AzTV1" proqramı efirə çıxıb.

1957-ci il iyunun 28-də ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib. 1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və studiya qurulub. 1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub.

1997-ci ildə I Respublika və "Araz" radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb. Hazırda respublika ərazisində 100-dən çox radio-televiziya yayım stansiyasında istismar olunan 126 radioverici vasitəsilə 13 ümumrespublika radio proqramı FM diapazonunda yayımlanır. 2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb. Digər televiziya yayım vasitələrindən fərqli olaraq IPTV-də proqram sayına məhdudiyyət yoxdur, yəni müştəriyə yüzlərlə kanalı izləmək imkanı yaradılır. Həmin ildə “Azərbaycan” və “İctimai” radioları, eləcə də “İctimai” televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib.

Ölkə ərazisində analoq TV yayımı 2016-cı il dekabrın 20-də tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb. Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,7 faizi rəqəmli TV yayımla əhatə olunub.

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyi Fatmayı – Sumqayıt – Xızı – Dağbilici (Şabran) – Yergüc – Quba istiqamətində, 185 kilometr uzunluğunda radio-rele xəttinin rəqəmliyə rekonstruksiyasını 2019-cu ildə başa çatdıraraq istismara verib. Bu, respublika ərazisində dövlət, ictimai, özəl və regional radio-TV proqramlarının region stansiyalarına çatdırılması üçün istismar olunan analoq radio-rele xətt şəbəkəsinin rəqəmliyə rekonstruksiyası işləri çərçivəsində baş tutub.

2016-cı ildə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımının təmin olunması məqsədilə radiostansiyada əsaslı təmir-bərpa və rekonstruksiya işləri aparılmaqla, 1 nömrəli radiostansiyanın bazasında Alternativ radio-televiziya yayım stansiyası təşkil olunub.

“Teleradio” İB tərəfindən 2019-cu ilin avqust ayından ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Hazırda Bakı şəhəri və Abşeron yarımadasının istənilən nöqtəsində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramın rəqəmli qəbulu mümkündür.

Azərbaycan televiziyası və radiosu Qarabağda

Azərbaycan televiziyası və radiosu Qarabağda

2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib.

Şuşa Radio-Televiziya Yayım Stansiyasında rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib.

Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, “CBC” TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.

Eyni zamanda, “Azərbaycan” radiosu və “İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərlərini və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonlarını, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.