logo

"Toyota" və "Honda" şirkətləri ABŞ-da 1 milyon avtomobili geri çağıracaq

21:47 10-01-2018 | icon 2478
"Toyota" və "Honda" şirkətləri ABŞ-da 1 milyon avtomobili geri çağıracaq

Yapon avtomobil istehsalı şirkətləri "Toyota" və "Honda" nasaz və potensial təhlükə mənbəyi olan "Takata" təhlükəsizlik yastıqlarını dəyişmək üçün ABŞ-da 1 milyon avtomobili geri çağıracaqlar. YeniAvropa xəbər verir ki, təhlükəsizlik yastıqlarının istehsalçısı "Takata" şirkəti əvvəllər də bir neçə dəfə öz məhsullarının nasaz olduğunu bəyan edib.

Bu avtomobillərin geri çağırılması "Takata" şirkətinin daha 3,3 milyon təhlükəsizlik yastığının qüsurlu olduğunu bildirməsindən sonra qərara alınıb.

Son bir neçə il ərzində 19 avtomobil istehsalçısı təhlükəsizlik yastığı nasaz olan 42 milyon avtomobili geri çağırıb ki, bu, ABŞ tarixində avtomobillərin ən çox geri çağırıldığı dövrdür. Sözügedən problem "Takata" şirkətinə qarşı məhkəmə iddiası və onun cərimələnməsi ilə nəticələnib, həmçinin yapon şirkətini müflisləşmə haqqında qanuna uyğun olaraq kreditorların müdafiəsi üçün müvafiq addımlar atmağa məcbur edib.

"Takata" təhlükəsizlik yastıqlarının adekvat olmayan şişirdilməsi ucbatından dünya üzrə 20 insan həyatını itirib, 280 nəfər yaralanıb. "Toyota" şirkətinin administrasiyası bildirib ki, ABŞ-da 601 min nəqliyyat vasitəsini geri çağıracaq. Avtomobillərin sahibləri cari ilin martınadək xəbərdar ediləcək və avtomobil satış şirkətləri onların maşınında ön yastıqları dəyişəcəklər. "Honda" şirkəti də öz növbəsində ABŞ-da 465 min avtomobili və 960 Gold Wing motosikletini geri çağıracaq. Bu şirkət avtomobil sahiblərinə bildirişi fevralın sonunda göndərəcək.