logo

KXDR Cənubi Koreyada təşkil olunacaq Qış Olimpiya Oyunlarına geniş heyət göndərəcək

11:06 09-01-2018 | icon 2240
KXDR Cənubi Koreyada təşkil olunacaq Qış Olimpiya Oyunlarına geniş heyət göndərəcək

Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində iki ölkə arasında 2015-ci ildən sonra ilk dəfə danışıqlar təşkil edilib. YeniAvropa yerli mətbuata istinadən xəbər  verir ki, Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan idmançıların Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakı məsələsinin müzakirəsi üçün təşkil edilən dialoqda bir sıra təkliflər səslənib. Belə ki, Şimali Koreya tərəfi Olimpiya Oyunlarına yüksək səviyyəli nümayəndə heyəti və nümunəvi çıxışlar edəcək qrup göndərməyi təklif edib. Koreya Respublikası tərəfi isə hər iki ölkə idmançılarının Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinə vahid komanda şəklində çıxmasını təklif edib.

Koreya Respublikasının birləşmə nazirinin müavini Çun He-sunq jurnalistlərə açıqlamasında deyib ki, ölkəsi danışıqlarda 1950-1953-cü illər Koreya müharibəsi nəticəsində bölünmüş ailələrin üzvlərinin qarşıdan gələn ay təqvimi ilə Yeni il bayramında görüşünün təşkilini də təklif edib. Bundan başqa, sərhəd zonada insidentlərin qarşısını almaq üçün iki ölkənin hərbçiləri arasında vaxtaşırı görüşlərin keçirilməsi də təklif olunub.

Şimali Koreya tərəfi bəyan edib ki, Pxençan Qış Olimpiya Oyunlarına KXDR-dan olan idmançılar, rəsmi nümayəndə heyəti, nümunəvi çıxışlar üçün incəsənət və taekvondoçular qrupu, habelə jurnalistlər göndəriləcək.