İtaliya sahil mühafizəsi Aralıq dənizinin Liviya sahillərində miqranları daşıyan gəminin batması nəticəsində itkin düşənlərin axtarışını davam etdirir. YeniAvropa “Euronews” kanalına istinadla xəbər verir ki, İtaliya sahil mühafizə xidməti indiyədək 8 cəsədin tapıldığını bildirib. Liviyadan Avropaya keçmək istəyən miqranları daşıyan gəmidə 150 nəfər olub. Onlardan 86-sı sahil mühafizəsinin əməkdaşları tərəfindən xilas edilib. Hazırda itkin düşən 56 miqrantın axtarışı aparılır.
Ötən il Aralıq dənizində 3116 miqrant həlak olub. Onlardan 2832-si Aralıq dənizinin mərkəzi hissəsində boğulub. Bu göstəriciyə görə Aralıq dənizi miqrantların hərəkət etdiyi ən “qanlı marşrut” hesab olunur.