Səudiyyə Ərəbistanında hökumətin zadəganlara qarşı tədbirlərinə etirazını bildirmək üçün kral saraylarından birinə gələn 11 şahzadə həbs edilib. YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, şahzadələr saraydan çıxmaq barədə tələbi rədd etdikdən sonra Milli Qvardiyanın əməkdaşları tərəfindən saxlanılıb. Həbs olunanların adları açıqlanmır.
Associated Press agentliyinin məlumatına əsasən, şahzadələr hökumətdən kral ailəsinin elektrik və su üçün hesablarının ödənilməsinin bərpasını tələb ediblər. Onlar, həmçinin qohumlarının birinə verilən ölüm hökmünə görə hökumətin kompensasiya ödəməsini istəyiblər.
Şahzadələrin Ər-Riyaddan cənubda yerləşən və qanunsuz silahlı qruplaşma üzvlərinin saxlandığı Əl-Hair həbsxanasına aparıldığı bildirilir.
Xatırladaq ki, noyabrın 5-də Səudiyyə Ərəbistanında korrupsiya əleyhinə kampaniya çərçivəsində hakim ailəyə mənsub 11 şahzadə, 4 nazir, həmçinin onlarla sabiq məmur və biznesmen saxlanılıb. Onların arasında dünyanın ən zəngin insanlarından biri – “Citigroup” və “Apple” kimi kompaniyaların səhm paketlərinə sahib olan şahzadə əl-Valid bin Talal da var. Yerli KİV-lərin verdiyi məlumata görə, korrupsiyada ittiham olunan yüksək vəzifəli məmurların əksəriyyəti iddiaların tənzimlənməsi üçün xəzinəyə 100 milyard dolara yaxın vəsait ödəməyə razılıq verib.