Oktyabrın 31-də Dağıstan Respublikasının Kaspiysk şəhərində II Beynəlxalq Xəzər Rəqəmsal Forumu öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, noyabrın 1-dək davam edəcək forumda Xəzər “beşliyi” -Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nümayəndə heyəti iştirak edirlər.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən forumda rəqəmsal sahədə beynəlxalq əməkdaşlığı möhkəmləndirmək və Xəzər “beşliyi” çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini təşviq etmək üçün rəqəmsallaşmanın praktiki məsələləri müzakirə olunacaq.
Forum iştirakçılarına videomüraciətində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Xəzər regionu iqtisadi-ticari, nəqliyyat-tranzit, ekoloji, elmi, humanitar və digər sahələrdə nəhəng inkişaf potensialına malikdir.
O qeyd edib ki, Xəzəryanı ölkələrin birgə fəaliyyəti Avrasiyada sabitliyin və davamlı inkişafın təmin edilməsinə, beynəlxalq həyatın çoxqütblü prinsiplərinin möhkəmlənməsinə mühüm töhfə verir.
Nazirin sözlərinə görə, Forumun gündəliyi zəngindir, iştirakçılar Xəzəryanı əməkdaşlıq üçün rəqəmsal ekosistemin inkişafı üçün qabaqcıl rəqəmsal həllər və birgə layihələri müzakirə edəcəklər.
“Logistikanın rəqəmsallaşdırılması mövzusu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində malların daşınmasının sadələşdirilməsi və asanlaşdırılması kontekstində də böyük praktiki maraq doğurur”, - deyə S.Lavrov vurğulayıb.