Bu il Qazaxıstan noyabrda Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransında uzun illərdən sonra ilk dəfə olaraq öz pavilyonunu təqdim edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müşaviri Saken Kalkamanov yerli KİV-ə müsahibəsində bildirib.
“Azərbaycan qardaş və tərəfdaş respublika kimi bizim dəstəyimizi alır. Biz də digər Mərkəzi Asiya ölkələri və türk dövlətləri ilə birlikdə bu tədbirdə fəal iştirak edəcəyik”,-deyə o, vurğulayıb.
Saken Kalkamanovun sözlərinə görə, Qazaxıstan pavilyonu 150 m2 ərazini əhatə edəcək və ekologiya sahəsində nailiyyətlərin nümayişi üçün sahə, panel müzakirələri, sessiyalar, təqdimatlar və yan tədbirlər üçün konfrans zalı, davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq şirkətlər, banklar və tərəfdaşlarla memorandumların imzalanacağı görüş zalı kimi bölmələrdən ibarət olacaq.
“Ümumiyyətlə, sərgi dünyada istixana effektinin azaldılması və ətraf mühitin yaxşılaşdırılması məqsədi daşıyır, eyni zamanda, eksponatlarda Mərkəzi Asiya və Xəzəryanı regionlara xüsusi diqqət yetiriləcək. Dövlət başçıları, Ekologiya nazirliklərinin və digər dövlət orqanlarının rəhbərləri illərlə yığılıb qalmış ekoloji problemlərin həlli yollarını tapmağa və onların aradan qaldırılması üçün gələcək addımları müəyyən etməyə çalışacaqlar”, - deyə müşavir sözlərinə əlavə edib.