Paytaxtın Nizami və digər rayonlarında silsilə oğurluq hadisələri qeydə alınıb. Zərərçəkənlər polisə müraciət edərək onlara məxsus avtomobillərdən pul və digər qiymətli əşyaların naməlum şəxslər tərəfindən talandığını bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri tədbirlər zamanı, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alik Bəyalıyevi, 27 yaşlı Fikrət İsgəndərovu, 25 yaşlı Murad Heydərovu və həmyaşıdı Fərid Xəmmədlini cinayət törətməkdə şübhəli qismində saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, onlar Bakı şəhərində müxtəlif vaxtlarda 20-dən çox nəqliyyat vasitəsinin yan şüşəsini sındıraraq salonlarından oğurluq ediblər. Dəstə üzvlərinin qanunsuz əməllərinin bir qismi təhlükəsizlik kameraları vasitəsilə də anbaan görüntülənib.
Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb. A.Bəyalıyev, F.İsgəndərov, M.Heydərov və F.Xəmmədlinin digər analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.