Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Mərakeşə işgüzar səfəri davam edir. Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan general-polkovnik Zakir Həsənov “Mərakeş Aviaşou-2024” sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müxtəlif dövlət rəsmilərinin və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Mərakeş Krallığının hökumət başçısı və digər rəsmilər çıxış ediblər.
Çıxışlardan sonra “Mərakeş Aviaşou-2024” sərgisi ziyarət olunub.
General-polkovnik Z.Həsənov dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika və kosmik sənaye innovasiyaları ilə tanış olub.
Noyabrın 2-dək davam edəcək sərgi çərçivəsində müdafiə sənayesindəki texnoloji yeniliklər, davamlı strategiyanın inkişaf etdirilməsi, pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi və digər mövzularda panel müzakirələri aparılacaq.