logo

Bakıda 100 yaşlı xəstədə cərrahiyyə əməliyyatı keçirilib

12:52 16-10-2024 | icon 1253
Bakıda 100 yaşlı xəstədə cərrahiyyə əməliyyatı keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 100 yaşlı xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı keçirilib.

Klinikanın mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, 1924-cü il təvəllüdlü Dəvəçi rayon sakini Əhmədov İsmayıl Məmməd oğlu oktyabrın əvvəllərində sağ bud sümüyü boynunun qapalı yerdəyişmiş sınığı diaqnozu ilə Tədris Terapevtik Klinikaya müraciət edib.

Klinikaya gələnə qədər bir neçə xəstəxanaya müraciət edən xəstənin yaxınları pasiyentin yaşı və ümumi vəziyyəti ilə əlaqədar onun üzərində cərrahiyyə əməliyyatından imtina olunduğunu deyiblər.

Xəstəni əməliyyat edən ATU-nun Travmatologiya və ortopediya kafedrasının assistenti tibb elmləri namizədi İsmixan Mətiyevin verdiyi məlumata görə, bir gün ərzində əməliyyatönü hazırlıqdan sonra oktyabrın 4-də İ.Əhmədovun üzərində sağ bud-çanaq oynağının endoprotezləşdirilməsi əməliyyatı aparılıb: “Cərrahi əməliyyatdan sonra xəstə bir gün reanimasiya şöbəsində qalıb və ortopediya şöbəsinə köçürülüb. O, bir gün sonra artıq valkerlə hərəkət edə bilirdi. Hazırda xəstənin ümumi vəziyyəti yaxşıdır. Ayın 8-də pasiyenti evə yola saldıq. Qeyd edim ki, İsmayıl kişi İkinci Dünya müharibəsinin veteranıdır və Prezident təqaüdçüsüdür”.

Xəstənin özü və ailə üzvləri əməliyyatı yüksək səviyyədə icra edən İ.Mətiyev başda olmaqla, anestezioloq-reanimatoloqlar Məmməd Abbasov, Famil Mustafayev, Emin Quliyev, Esmira Nəsibova, Sona Quliyeva və bu uğurlu əməliyyatda əməyi keçən digər klinika əməkdaşlarına təşəkkürlərini bildiriblər.