logo

Bakıda yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının açılış mərasimi olub

14:34 20-09-2024 | icon 273
Bakıda yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının açılış mərasimi olub

Sentyabrın 20-də Bakıda yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının açılış mərasimi olub.

YeniAvropa xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan   olimpiada Gənclər və İdman Nazirliyinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə keçirilir.

Olimpiadanın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

Bildirilib ki, VII Robot Olimpiadasında qalib olmuş komandalar noyabrın 28-30-da Türkiyənin İzmir şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər. Olimpiadada 4 kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər yarışacaqlar: “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers”.

“Robomission” kateqoriyasında müxtəlif yaş kateqoriyalarında verilmiş xəritə və xüsusi tapşırığa uyğun olaraq iştirakçılar tərəfindən robot yaradılır və proqramlaşdırılır.

“Robosports” kateqoriyasında avtonom proqramlaşdırılmış robotlar arasında qoşa tennis oyunu keçirilir.

“Future innovators” kateqoriyasında verilmiş missiya üzrə (Dünyanı birləşdirək) prototip robot həll və startap ideyalarının təqdim edilməsi.

“Future engineers” kateqoriyasında verilmiş açıq həllər üzrə mühəndislik və proqramlaşdırma biliklərindən istifadə edərək avtonom idarə olunan nəqliyyat vasitələrinin hazırlanması.

Ümumilikdə bu kateqoriyalar üzrə respublikanın 20 rayon və şəhərindən 316 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər keçirilib və final mərhələsində 163 komanda iştirak etmək hüququ qazanıb.