logo

Avropa anbarlarında qaz ehtiyatları 94 %-ə çatır

12:52 20-09-2024 | icon 392
Avropa anbarlarında qaz ehtiyatları 94 %-ə çatır

Avropanın yeraltı qaz anbarlarında toplanmış mavi yanacaq ehtiyatlarının həcmi 93,5 faizə yaxınlaşır.

YeniAvropa xəbər verir ki, Gas Infrastructure Europe assosiasiyasının məlumatına görə, sentyabr ayında Avropa İttifaqı ölkələrində anbarlara qaz doldurulması kəskin azalaraq 2011-ci ilin minimumuna enib. Sentyabrın 18-də anbarlara qaz doldurulması 101 milyon kubmetr, qaz götürülməsi isə 63 milyon kubmetr təşkil edib. Artıq Avropanın bəzi ölkələrində, o cümlədən Fransa, Avstriya və Polşada qaz götürülməsi doldurulmanı üstələməyə başlayıb.

Hazırda Avropanın yeraltı anbarlarında 103,6 milyard kubmetr (93,45 faiz) qaz var ki, bu da son beş ilin analoji dövrünün orta göstəricisindən 5,32 faiz çoxdur.

Bu həftə Mərkəzi və Qərbi Avropada hava öncəki yeddi günlə müqayisədə bir qədər isti keçir. Sentyabr ayında Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı 16 faizədək artıb.

Avqust ayında terminallardan Avropanın qazötürmə sisteminə maye qaz vurulması 2021-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə ensə də, sentyabrda yenidən artmağa başlayıb. Hazırda Avropanın qaz kəmərlərinə maye qazın vurulması maksimum gücün 30 faizinə bərabərdir.

Londonun ICE birjasında min kubmetr qazın qiyməti təxminən 390 dollardır.