İranda kütləvi etiraz aksiyaları nəticəsində on nəfər həlak olub.YeniAvropa xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. “Frans-Press” agentliyi isə Xuzestan vilayətinin İze şəhərində atəş açılması nəticəsində iki nəfərin öldüyünü, bir neçə nəfərin də yaralandığını bildirib. Agentliyin məlumatına görə, Lurestan vilayətinin Dorude şəhərində daha iki nəfər həlak olub.
Şəhərin meri etirazçıların ələ keçirdikləri yanğınsöndürmə maşınını itələmələri nəticəsində maşının yaşlı şəxsin və bir yeniyetmənin üzərinə aşması nəticəsində hər iki şəxsin öldüyünü deyib. Dekabrın 30-da bu şəhərdə daha iki nəfərin ölməsi barədə məlumat yayılmışdı.
İranın Mehr agentliyi ölkənin müdafiə naziri, general-mayor Əmir Hatəminin baş verən hadisələrlə əlaqədar “Beynəlxalq imperializm başda olmaqla ölkəmizin düşmənləri İranda qeyri-sabitlik və qarşıdurma yaratmağa çalışırlar” dediyini bildirib. Nazir, həmçinin təhlükəsizlik qüvvələrinə müraciət edərək deyib: “Milli həmrəylik və birlik vasitəsilə əcnəbilərin çirkin niyyətlərini və planlarını boşa çıxarmalıyıq”.
O, İran hökumətinin ölkə vətəndaşlarının ehtiyac və problemlərini həll etmək üçün əlindən gələni etdiyini və edəcəyini də açıqlayıb.
Xatırladaq ki, dekabrın 28-də Məşhəddə başlayan aksiyaların iştirakçıları qiymətlərin artırılmasına etiraz edirlər.