logo

Ağdam şəhər Mərkəzi parkının təməli qoyulub

20:50 24-12-2023 | icon 959
Ağdam şəhər Mərkəzi parkının təməli qoyulub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində iştirak ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısına və birinci xanıma parkda görüləcək işlər barədə məlumat verilib.

Ağdam şəhərinin yeni Baş planına əsasən salınacaq park 5 hektar ərazini əhatə edəcək.

Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq.

Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Ağdam sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.

Prezident İlham Əliyev Ağdam şəhər Mərkəzi parkının təməlini qoyub.

Sonra dövlət başçısı və birinci xanım Mərkəzi parkın ərazisində ağac əkiblər.