Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda mağazada baş verən partlayışı terror aktı adlandırıb.
YeniAvropa RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Suriyada aparılan hərbi əməliyyatlarda iştirak edən zabitlərlə görüşündə bəyan edib.
Vladimir Putin bildirib ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikova şübhəli şəxslərin saxlanılması zamanı qanunlar çərçivəsində hərəkət etməyi tapşırıb. Bununla belə qeyd edib ki, hüquq mühafizə orqanlarının əməkdaşlarının həyatı üçün təhlükə yarandıqda, terrorçuları yerində məhv etmək lazımdır.
Xatırladaq ki, dünən axşam Sankt-Peterburqdakı “Perekrestok” mağazasında baş verən partlayış nəticəsində 13 nəfər yaralanıb. Onlardan 6-sının vəziyyəti orta ağırdır. Rusiya Təhqiqat Komitəsinin məlumatına görə, 200 qram trotil gücündə əldəqayırma partlayıcı qurğu supermarketin saxlama kameralarından birinə yerləşdirilib.