İtaliyanın daxili işlər naziri Marko Minniti “La Repubblica” qəzetinə müsahibəsində deyib ki, 2018-ci ildə 10 minə yaxın qaçqın humanitar dəhlizlər vasitəsilə, təhlükəsiz şəraitdə Avropaya köçürüləcək. YeniAvropa xəbər verir ki, nazir bir neçə gün əvvəl Eritreyadan, Efiopiyadan, Somalidən və Yəməndən olan 162 nəfərdən ibarət qaçqın qrupunun hərbi təyyarə ilə Romaya çatdırıldığını qeyd edib. O bildirib ki, qrup kimsəsiz qadınlardan, uşaqlardan, fiziki qüsurlu insanlardan ibarətdir. Miqrantlar ilk dəfə olaraq bilavasitə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən Avropaya köçürülüb.
BMT-nin Uşaq Fondu və Beynəlxalq Miqrasiya Təşkilatı Liviyada 36 mini uşaq olmaqla təqribən 400 min miqrantın olduğu barədə məlumat yayıb. 2018-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatı könüllü qayıdış proqramı çərçivəsində 30 min miqrantı öz doğma vətəninə geri qaytarmağı planlaşdırır. Proqram çərçivəsində bu il təxminən 15 min miqrantın vətənlərinə geri göndərildiyi bildirilir.