Dünyanın ən böyük gəmisi - “Prelude” üzən platforması 2018-ci ildə istifadəyə veriləcək.
YeniAvropa CNN-Türk telekanalına istinadla xəbər verir ki, gəminin platforması 488 metr uzunluğundadır. Dörd futbol meydançası böyüklüyündə olan üzən təbii qaz axtarışı və emalı platformasının anbarları 175 olimpiya hovuzunu doldura biləcək qədər tutuma malikdir. İnşasına 2012-ci ildə başlanılan nəhəng gəmi gələn il istifadəyə veriləcək.
“Shell” platforması Cənubi Koreyada “Samsung” şirkəti tərəfindən tamamlandıqdan sonra Avstraliya sahillərinə göndərilib. Qərbi Avstraliyadan 125 kilometr aralıda qurulan üzən platforma gələn il dənizdə təbii qazın istehsalına və emalına başlayacaq. Maye qaz 162 dərəcəyədək soyudulacaq və sonra Asiya ölkələrinə gedən təbii qaz tankerlərinə yüklənərək təyin olunan yerlərə göndəriləcək.
“Prelude” gəmisinin ildə 5,3 milyon ton maye qaz emal edəcəyi bildirilir. Bunun Honq Konqun illik tələbatından daha böyük həcmdə olduğu vurğulanır.