Moskvada taksinin piyada yoluna çıxması nəticəsində yaralananlardan ikisi Azərbaycan vətəndaşıdır
İyunun 16-da Moskvanın mərkəzində taksi piyada yoluna çıxaraq 7 nəfəri vurub.
YeniAvropa xəbər verir ki, Rusiya DİN-in Moskva şəhəri üzrə Baş idarəsinin məlumatına görə, Rusiya paytaxtının mərkəzi küçəsi olan "İlyinka"da taksi avtomobili piyada yoluna çıxıb. Nəticədə 7 nəfər, o cümlədən iki Azərbaycan vətəndaşı xəsarət alıb.
Hadisəni törədən sürücü Qırğızıstan vətəndaşıdır. Məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Sürücü hadisə yerindən qaçmağa cəhd göstərsə də polis tərəfindən saxlanılıb. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hadisə nəticəsində iki Azərbaycan vətəndaşı, iki Meksika vətəndaşı, bir ukraynalı və iki rusiyalı yaralanıb.
Qəza ilə bağlı cinayət işi açılıb.