İyunun 10-da Gürcüstan patlamentinin önündə yenidən mitinq keçirilib. YeniAvropa xəbər verir ki, "Öldürmə!" devizi altında keçirlən aksiyada müxtəlif şüarlar səslənir, əsasən hökumətin istefası tələb olunub.
Övladı keçən il dekabrın 1-də Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş Zaza Salavidze bildirib ki, Baş nazir Georgi Kvirikaşvili ilə keçirdiyi görüşdə hökumət başçısı cinayət işinin yenidən araşdırılacağını bildirmişdi. Görüşdən on gün keçməsinə baxmayaraq, əsas günahkarlardan heç kim məsuliyyətə cəlb olunmayıb: "Ona görə də hesab edirik ki, bütün olanlardan indiki hakimiyyət günahkardır və istefaya getməlidir".
Aksiyaya müxalifətdə olan siyasi partiyaların nümayəndələri də qoşulublar.
Hazırda parlamentin önündə 5 mindən çox insan toplaşıb. Rustaveli prospekti avtomobillərin hərəkəti üçün tam bağlanıb. Axşama doğru aksiya iştirakçılarının sayının bir neçə dəfə artacağı gözlənilir.
Məlumat üçün qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Vake yaşayış massivindəki Xorava küçəsində 51 saylı məktəbin iki 16 yaşlı şagirdi münaqişə zəminində bıçaqla qətlə yetiriliblər. Prokurorluq araşdırma zamanı əsl günahkarların məsuliyyətdən yayınmasına imkan yaratdığı üçün valideynlər və onların tərəfdarları aksiyalara başlayıblar. Aksiyalar nəticəsində artıq ölkənin Baş prokuroru istefaya göndərilib, 30-dan çox prokurorluq işçisi tutduqları vəzifələrdən kənarlaşdırılıblar.