logo

Donald Tramp Ağ evdə ilk dəfə iftar verib

13:13 07-06-2018 | icon 2534
Donald Tramp Ağ evdə ilk dəfə iftar verib

ABŞ prezident Donald Tramp Ağ evdə ilk dəfə iftar süfrəsi açıb. YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, iftar yeməyinə əhalisinin əksəriyyəti müsəlman olan bəzi ölkələrin Vaşinqtondakı xarici missiya təmsilçiləri dəvət olunub. Ağ evdəki ənənəni pozaraq ötən il iftar verməyən Donald Tramp bu il Vaşinqtondakı xarici missiya təmsilçilərini dar çərçivədə qonaq edib.

Ağ ev dəvətçilərin siyahısını dərc edilməsə də, oradakı mənbənin məlumatına görə, proqrama Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, İraq, Qətər, Bəhreyn, Əlcəzair və Liviyanın diplomatik nümayəndələri dəvət olunub.

İftardan əvvəl çıxış edən ABŞ lideri bütün İslam aləmini təbrik edib və əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin nümayəndələrini Ağ evdə qarşılamaqdan məmnunluğunu bildirib. İlk xarici səfərini Yaxın Şərqə etdiyini və Səudiyyə Ərəbistanında olduğunu xatırladan Tramp hamı üçün təhlükəsizlik və rifahın olduğu bir gələcəyə yalnız səyləri birləşdirərək çatmağın mümkünlüyünü qeyd edib.

Digər tərəfdən həm Trampın İslam əleyhinə fikirlərinə, həmçinin Ağ evdəki iftara dəvət edilməmələrinə etiraz edən müsəlmanların bəzi qeyri-hökumət təşkilatları “Lafayette Park”da alternativ iftar yeməyi təşkil ediblər. Bu iftara Amerika-İslam Əlaqələri Şurası və Şimali Amerika İslam Cəmiyyəti kimi ABŞ-ın öndə gedən təşkilatlarının nümayəndələri qatılıb.