Fransanın hakimiyyət orqanları milad və yeni il bayramlarının gedişində asayişin təmin edilməsinə polisin və təhlükəsizlik xidmətinin 100 minə yaxın əməkdaşı cəlb olunacaq.
YeniAvropa yerli KİV-ə istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müxtəlif ekstremist hücumlar və terror təhlükəsi ehtimalının kifayət qədər yüksək olaraq qalması ilə bağlıdır. Nazirlik bildirib ki, bayram günlərində təhlükəsizliyi 97 min asayiş keşikçisi qoruyacaq.
Xatırladaq ki, oktyabrın sonlarında Fransa Prezidenti Emanuel Makron 2015-ci ildə Parisdə törədilmiş silsilə terror aktlarından sonra ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini ləğv edib. Bununla eyni vaxtda, o, terrorizmlə mübarizənin genişləndirilməsi haqqında qanunu imzalayıb. Bu qanun ekstremizmə qarşı mübarizədə polisə daha geniş səlahiyyətlər verir.
2015-ci il noyabrın 13-də Parisdə silsilə terror aktları nəticəsində 130 nəfər həlak olmuş, 350-dən çox insan yaralanmışdı.