Koreya Xalq Demokratik Respublikası (KXDR) BMT Təhlükəsizlik Şurasının bu ölkəyə qarşı qəbul etdiyi yeni qətnamələri rədd edib.
YeniAvropa xəbər verir ki, KXDR Xarici İşlər Nazirliyinin məsələ ilə əlaqədar yaydığı bəyanatda ölkənin müdafiə xarakteri daşıyan nüvə silahı potensialının daha da genişləndiriləcəyi bildirilib. Bundan başqa, bəyanatda deyilir ki, yeni sanksiyalar ölkənin suverenliyinin ciddi şəkildə pozulması, Koreya yarımadasında və bütünlükdə bölgədə sülhün və sabitliyin pozulmasına yönələn müharibə aktıdır.
Şimali Koreyanın xarici siyasət idarəsi sanksiyaların təşəbbüskarı olan ABŞ-ı ittiham edərək, Birləşmiş Ştatların KXDR-in nüvə dövləti olmasından dəhşətli dərəcədə qorxduğunu bildirib.
Rəsmi Pxenyan nüvə silahının ABŞ təhdidlərinə qarşı özünü müdafiə xarakteri daşıdığını bir daha bəyan edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası sonuncu və ən güclü ballistik raket sınağına cavab olaraq, Şimali Koreya barəsində sanksiyaları sərtləşdirib. Yeni sanksiyalar KXDR-dən işçi qüvvəsinin ixracını qadağan edir, həmçinin Şimali Koreyaya yanacaq ixracına ciddi məhdudiyyətlər qoyur və ticarət embarqosu rejimini gücləndirir.