logo

Argentina prezidenti Rusiyada keçiriləcək dünya çempionatına getməkdən imtina edib

22:53 12-05-2018 | icon 2471
Argentina prezidenti Rusiyada keçiriləcək dünya çempionatına getməkdən imtina edib

Argentina prezidenti Maurisio Makri ölkədə iqtisadi böhranın dərinləşməsi səbəbindən Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına getməkdən imtina edib.

YeniAvropa xəbər verir  ki,  bu barədə “La Nación” qəzeti məlumat yayıb. Qəzet dövlət başçısına yaxın olan mənbənin sitatını dərc edib: “Heç bir vəchlə dünya çempionatına getmək olmaz. Yaranmış vəziyyətdə Rusiyaya yollanmaq birmənalı olaraq məğlubiyyət, həm də böyük hesabla uduzmaq olardı”.

Bununla bağlı rəsmi informasiya yayılmasa da, mənbə Prezidentin Rusiyaya getməyəcəyi və bu məsələnin gündəmdə olmadığını təsdiq edib. Yanvar ayında Argentina lideri Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüşdən sonra bildirmişdi ki, o, qızı Antoniya ilə birlikdə futbol üzrə dünya çempionatına gələcəyinə ümid edir.

Çərşənbə axşamı Makri respublikanın milli valyutası olan Argentina pesosunun kursunun kəskin şəkildə aşağı düşməsi fonunda BVF-dən yardım istəyib. Hələlik Argentinanın bu təşkilatdan almaq istədiyi kreditin dəqiq məbləğı rəsmi şəkildə açıqlanmır. Lakin “Bloomberg” agentliyinin məlumatına görə, söhbət 30 milyard dollardan gedir.

Cümə günü Argentina milli valyutasının ABŞ dollarına nisbəti öz tarixinin minimum səviyyəsinə düşüb. Birjaların yekununda 1 dollar üçün verilən təklif 23,73 peso təşkil edib. Həftənin əvvəlindən Argentina valyutası öz dəyərini 6,5 faiz, ilin başlanğıcından isə 25 faiz itirib. TASS qeyd edir ki, respublikanın Mərkəzi Bankının maliyyə bazarına bir milyard dollarlıq müdaxiləsi də pesonun dəyərdən düşməsinin qarşısını ala bilməyib.