logo

Bakı Dairəvi-1 avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib

15:41 12-05-2018 | icon 3696
Bakı Dairəvi-1 avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib

Bakı Dairəvi-1 avtomobil yolunda saat 13 radələrində ölümlə nəticələnən qəza baş verib. Qəza nəticəsində “Yol Xətt” MMC-nin işçisi dünyasını dəyişib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya  bildirilib ki, hadisə avtomobil yolunun “Meyvəli” bazarı istiqamətinə düşən hissəsində baş verib. Belə ki, ərazidə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən 90 FS 151 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan “Pajero” markalı avtomobilə, daha sonra ərazidə xidmət aparan və həmin hissədə işlərin aparıldığı üçün yolun bağlı olduğunu sürücülərə işarələyən Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti avtomobilinə və “Yol Xətt” MMC-yə məxsus minik maşınına çırparaq, MMC-nin işçisi olan 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub. Daha sonra yük maşını yol kənarında quraşdırılmış əyri-xətli dəmir tirlərə dəyərək dayanıb. İlqar Əmirov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

İlkin versiyaya əsasən, hadisə yük maşının əyləc sistemində yaranmış nasazlıq ucbatından baş verib. Faktla bağlı araşdırma aparılır.