logo

Macarıstanda müxalifət KİV-lərinin bağlanması davam edir

20:31 05-05-2018 | icon 2730
Macarıstanda müxalifət KİV-lərinin bağlanması davam edir

Aprelin 8-də keçirilmiş ümumi seçkilərdən sonra Macarıstan KİV-lərində vəziyyət sürətlə dəyişir.

YeniAvropa xəbər verir  ki, gündəlik “Magyar Nemzet” qəzeti və “Lánchíd Rádió” radiostansiyası bağlanandan sonra “Hír TV” xəbər kanalı əməkdaşlarının işdən azad olunmasını elan edib. Bundan əlavə, ötən həftə ikidilli “Budapest Beacon” xəbər portalı da bağlanıb.

“Magyar Nemzet”, “Lánchíd Rádió” və “Hír TV” əvvəllər Baş nazir Viktor Orbanın dostu və müttəfiqi olmuş biznesmen Layoşau Şimiçkaya məxsusdur. 2015-ci ilin əvvəlində onların yolları ayrılıb. Şimiçkanın nəzarətində olan və o vaxta qədər hökuməti açıq müdafiə edən KİV-lər Orbanı, həmçinin hakim Fides və Xalq Xristian Demokratik Partiyasını (KDNP) tənqid etməyə başlayıblar.

Şimiçkanın nəzarətində olan media qrupu maliyyə itkilərini səbəb göstərərək 80 yaşlı “Magyar Nemzet” qəzetinin və “Lánchíd Rádió” radiostansiyasının bağlanmasını elan edib. Qrup həm də “Hír TV” telekanalı ilə bağlı əsas xərclərin ixtisar olunacağına eyham vurub.

“Hír TV” bəyanat yayaraq bir sıra sahələrdə, o cümlədən idarəetmə sahəsində işçilərin ixtisar olunmasını elan edib. Bəyanatda neçə nəfərin işdən azad olunacağı konkret göstərilmir, lakin internet xəbər portalının ehtimalına görə bu əməkdaşların sayı təxminən 30-40 nəfər olacaq.

Hökuməti kəskin tənqid edən “Budapest Beacon” macar-ingilis xəbər portalı bildirib ki, “Magyar Nemzet” qəzeti və “Lánchíd Rádió” radiostansiyası kimi, o da Macarıstanda KİV-lərin plüralizmi güclü eroziyaya məruz qaldığına görə bağlanır.