Kvorumun olmaması səbəbindən Ermənistan parlamenti işinə başlaya bilmir. Belə ki, 105 deputatdan iclasda iştirak etmək üçün yalnız 29-u qeydiyyatdan keçib. Kvorum üçün isə deputatların ümumi sayının yarıdan çoxu - 53 deputat lazımdır.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, qeydiyyatdan keçən deputatların sayı kifayət etmirsə, kvorumun təmin olunması üçün 4 saatdan çox olmayaraq qeydiyyat davam edəcək. İclasda n öncə “Sarukyan” fraksiyasının deputatı Vaqe Enfiacyan ölkədə yaranan vəziyyətə görə siyasi qüvvənin parlament həftəsini boykot etdiyini bildirib.
Bir qədər əvvəl müxalif deputat Nikol Paşinyanın tərəfdarları bütün respublikada küçələri, yolları, avtomobil traslarını və körpüləri bağlayıb. Nəqliyyatın hərəkəti iflic olub. İnsanlar aeroporta piyada gedirlər.
Xatırladaq ki, mayın 1-də Ermənistan parlamentinin deputatları müxalifət nümayəndəsi Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib. Paşinyanın namizədliyinin lehinə yalnız 45 deputat səs verib. Onun seçilməsi üçün parlament üzvlərinin minimum 53-nün səsi tələb olunurdu.
Ermənistan qanunvericiliyinə görə, bundan sonrakı 7 gün ərzində baş nazir postuna yeni seçkilər keçirilməlidir. Əgər ikinci cəhd də uğursuz nəticələnərsə, parlament buraxılmalıdır. Nikol Paşinyan isə öz növbəsində, parlament seçkilərini boykot edəcəkləri ilə hədələyir.