Gürcüstanın məşhur kurort bölgələrindən olan Borjomi bələdiyyəsinin ərazisində yenidən yanğın baş verib.
YeniAvropa xəbər verir ki, aprelin 30-u Borjominin Sairə kəndi yaxınlığındakı meşədə axşam saatlarından başlayan yanğın mayın 1-də bir az da genişlənərək bir neçə hektarı əhatə edib.
Gürcüstan Fövqəladə Halların İdarəetmə Xidmətindən bildirilib ki, yanğın meşənin quru odunlar, otlar və kolluq ərazilərində daha sürətlə yayılır. Külək də yanğının yayılmasını sürətləndirir.
Hadisə yerinə ağır nəqliyyat vasitələri cəlb olunur, canlı qüvvə meşə qoruğunda yanğınla mübarizə aparır.
Borjomi dağlıq ərazi olduğu üçün əlçatmaz dağ yamaclarında və daşlı-qayalı yerlərdə yanğınla mübarizə aparmaq çox çətindir.
Mayın 1-də səhər saatlarında yanğının söndürülməsinə 60 xilasetmə qrupu cəlb edilib.
Əraziyə hələlik helikopter cəlb olunmayıb.