logo

Özbəkistan Türkiyə ilə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq niyyətindədir

17:40 30-04-2018 | icon 2583
Özbəkistan Türkiyə ilə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq niyyətindədir

Özbəkistan Türkiyə ilə  əmtəə dövriyyəsinin həcmini yaxın illərdə 5 milyard dollara çatdırmaq niyyətindədir. YeniAvropa xəbər verir  ki, bu fikirlər Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün  Daşkənddə keçirilən görüşündə səsləndirilib.

Bunun üçün bütün imkanların olduğu qeyd edilib. Danışıqlarda ticari-iqtisadi əlaqələrin inkişafı məsələsinə xüsusi diqqət yetirilib. Tərəflər əməkdaşlığın perspektivli istiqamətlərini müəyyən edərək, layihələr irəli sürüblər.

Özbəkistan Türkiyə bazarına yüngül, kimya, metallurgiya sənayesi, maşınqayırma, elektrotexnika, dəri-ayaqqabı və kənd təsərrüfatı məhsulları ixracını genişləndirməyə hazırdır. İstanbulda açılmış Özbəkistan-Türkiyə evi bu işdə mühüm rol oynamalıdır.

Nəqliyyat kommunikasiyalarının və tranzit sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə də xüsusi diqqət yetirilib. Ticarətin intensivləşdirilməsində Bakı-Tbilisi-Qars dəmir yolunun böyük əhəmiyyəti qeyd edilib. Bununla əlaqədar, tranzit tariflərinin daha da optimallaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Qarşılıqlı investisiya və maliyyə-texniki fəaliyyətin möhkəmləndirilməsi, turizm, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri də nəzərdən keçirilib.