Ermənistan parlamentinin deputatı, müxalif “Vətəndaş dialoqu” partiyasının lideri, sabiq prezident Serj Sarkisyanın baş naziri seçilməsinə qarşı etiraz hərəkatına başçılıq edən Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını elan edib.
YeniAvropa “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Nikol Paşinyanın sözlərinə görə, bu komitə hərəkata rəhbərlik edəcək və onu qələbə sonluğunadək çatdıracaq.
“Bütün regionlarda dövlət müəssisələrinin blokadası üçün inqilab komitələri yaradılacaq və çox tezliklə bu müəssisələr, o cümlədən polis inqilab komitələrinin əmrlərini yerinə yetirəcəklər”, - deyə Paşinyan mitinqdə bildirib. O, həmçinin deyib ki, dövlət orqanlarının blokadası çərşənbə günü başlayacaq.
Serj Sarkisyanın baş nazir seçilməsi Ermənistan müxalifətinin kütləvi etiraz aksiyaları ilə müşayiət olunur. Yerevanda aprelin 13-dən başlayan mitinqlər davam etməkdədir. Polis paytaxtın bir neçə mərkəzi küçəsini bağlayan aksiya iştirakçılarına qarşı əməliyyat keçirərək onlarla fəalı həbs edib. Toqquşmalarda 40 aksiya iştirakçısı və 6 polis işçisi yaralanıb.