Ermənistan parlamentində aprelin 17-də keçiriləcək iclasında Serj Sarkisyanın yeni baş nazir seçiləcəyi gözlənilir.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın hakim Respublika partiyası və onun tərəfdaşı olan “Daşnaksütyun” partiyasının parlament fraksiyası bu gün sabiq prezident Serj Sarkisyanın ölkənin baş naziri postuna namizədliyini rəsmən irəli sürüb.
Xəbərdə qeyd edilir ki, bu gün həmçinin, parlamentin iclası getdiyi vaxtda Sarkisyanın baş nazir vəzifəsinə təyin olunmasına etiraz edən müxalifət fəalları kütləvi etiraz aksiyaları keçiriblər. Nəticədə Yerevanın əsas küçələri iflic vəziyyətinə düşüb, vətəndaşlar öz iş yerlərinə gedə bilməyiblər. Polis müxalifətin bütün hərəkətlərinin qeyri-qanuni olduğunu bildirsə də, güc tətbiq etməkdən çəkinib. Son məlumatlara görə, polis işçiləri ilə mitinqçilər arasında toqquşma baş verib. Bir neçə nəfərin yaralandığı bildirilir.
Xatırladaq ki, etiraz hərəkatının lideri, müxalif deputat Nikol Paşinyan tərəfdarlarını vətəndaş itaətsizliyinə səsləyib, körpüləri və metro stansiyalarını bağlamağa çağırıb. O, həmçinin analoji aksiyaların Gümrü şəhərində də keçirildiyini və burada fəalların bir neçə mərkəzi küçəni bağladığını deyib.