F.Mogerini: Aİ Fələstin probleminin həllində iki dövlətin yaradılması üçün səylərini davam etdirəcək
İsrail-Fələstin münaqişəsinin həllinin əsası - iki dövlətin qurulmasındadır və Avropa İttifaqı (Aİ) bu planın həyata keçməsi üçün bu işi davam etdirəcək.
YeniAvropa xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Ərəb dövlətləri Liqasının Səudiyyə Ərəbistanında keçirilən 29-cu sammitində çıxış edərkən söyləyib. Onun sözlərinə görə, Aİ Fələstin probleminin həll edilməsində iki dövlətin yaradılması üçün səylərini davam etdirəcək. F.Mogerini Yaxın Şərqdə sülhün bərqərar olunması üçün Aİ və Ərəb ölkələri arasında koordinasiyanın olmasının vacibliyini xüsusi vurğulayıb.
Suriyada yaranmış vəziyyətə toxunan avropalı diplomat qeyd edib ki, kimyəvi silahların istifadəsi yolverilməzdir və Suriya ərazisində kimyəvi silah istifadə edən təqsirkarlar məhkəmə qarşısında cavab verməlidirlər. Yaranmış vəziyyətdən çıxış yoluna gəldikdə isə, F.Mogerini deyib: “Yeganə çıxış yolu BMT çərçivəsində siyasi prosesdir”. Bununla əlaqədar o Çenevrədəki danışıqların mütləq bərpasının zəruriliyini diqqətə çatdırıb.
Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanın Dahran şəhərində Ərəb dövlətləri liqasının 29-cu sammiti keçirilir. Sammitdə ərəb ölkələrinin liderləri, Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini, BMT-nin baş katibinin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Mistura iştirak edirlər.
Sammitdə İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi, Suriyadakı vəziyyət, Yəməndə və Liviyada böhran, terrorizmə qarşı mübarizə və gündəliyin digər məsələləri müzakirə edilir.