logo

"Türk Hava Yolları” üç ay ərzində rekord sayda sərnişinə xidmət göstərib

19:23 12-04-2018 | icon 2464
"Türk Hava Yolları” üç ay ərzində rekord sayda sərnişinə xidmət göstərib

“Türk Hava Yolları” üç ay ərzində rekord sayda sərnişinə xidmət göstərib. 

YeniAvropa xəbər verir  ki, bu barədə “Türk Hava Yolları” aviaşirkətindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar-mart aylarında “Türk Hava Yolları” aviaşirkəti yüklənmə səviyyəsini 80,5 faizə çatdıraraq şirkətin tarixində rekord göstəriciyə müvəffəq olub. Artım 6,5 faiz bəndi təşkil edib.

Yanvar və fevralda daşınan sərnişin sayının ikirəqəmli artımı mart ayında da davam edib. Bu göstərici 24 faiz artaraq 6 milyona çatıb. Sərnişin axınının artması nəticəsində mart ayı üzrə yüklənmə səviyyəsi son beş il ərzində 82 faiz olmaqla rekorda çatıb.

Martda reyslərin yüklənmə səviyyəsi 6 faiz bəndi, kreslo-kilometrlərin sayı isə 13 faiz artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi təqribən 6 faiz bəndi artaraq, 81,7 faiz təşkil edib, daxili aviareyslərdə isə yüklənmə səviyyəsi 84 faizədək artıb.

Ötən il iyulda başlayan tələbatın ikirəqəmli artımı mart ayında 22 faizlik artım ilə davam edib.

Ötən ay beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 28 faiz artıb (tranzit sərnişinlər istisna olmaqla). Bu, Türkiyəyə artan marağın mühüm göstəricisi olub.

Mart ayında daşınan yüklərin/poçtun həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 29 faiz artıb. Artım əsasən Şimalı Amerika (49 faiz), Orta Şərq (42 faiz), Afrika (38 faiz) və Avropanın (32 faiz) hesabına baş verib.

Hesabat ayında reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Şimali, Mərkəzi və Cənubi Amerika, Afrika və Avropa üzrə göstəricilər müvafiq olaraq 12, 10, 10 və 5 faiz bəndi artıb.

İlin birinci rübündə tələbat və sərnişinlərin ümumi sayı əvvəlki illə müqayisədə müvafiq olaraq 25 faiz və 29 faiz artıb. Aviaşirkətin ümumi sərnişin axını 17 milyona çatıb.

“Birinci rübdə reyslərin ümumi yüklənmə səviyyəsi 6,5 faiz bəndi artaraq 80,5 faizə çatıb, bununla da qlobal aviadaşıyıcı tarixində birinci rüb üzrə yüklənmə səviyyəsinin ən yüksək göstəricisinə müvəffəq olub. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 7 faiz bəndi artaraq 80 faizə çatıb, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 4 faiz bəndi artaraq 85 faiz təşkil edib. Beləliklə, “Türk Hava Yolları” son beş il ərzində birinci rübdə beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsinin ən yüksək göstəricisinə və tarixində daxili reyslər üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə nail olub”, - deyə aviaşirkətin məlumatında bildirilir.

Mart ayında daşınan yüklərin və poçtun həcminin mühüm artımı sayəsində cari ilin ilk rübündə bu göstərici 38 faiz artaraq 312 min tona çatıb.