Aprelin 6-da Minskdə keçiriləcək MDB xarici işlər nazirlərinin toplantısında Azərbaycan xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunacaq. Bu barədə YeniAvropa-ya Azərbaycanın Belarusdakı səfirliyindən məlumat verilib.
Məlumata görə, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.
Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, MDB xarici işlər nazirlərinin toplantısının gündəliyinə 12 məsələ daxil edilib. Buraya MDB ölkələri arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində əməkdaşlığa dair məsələlər, həmçinin MDB ölkələri arasında xarici siyasətlə bağlı müzakirə daxildir.
Bundan başqa, iclasda təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, MDB ölkələrinin hüquq mühafizə orqanlarının əlaqəli fəaliyyəti müzakirə ediləcək.