Moskva “Skripalin işi” ilə bağlı rusiyalı diplomatları ölkələrindən çıxaran 23 dövlətə qarşı cavab tədbirlərinin görüldüyünü elan edib.YeniAvropa xəbər verir ki, bu barədə "Interfax" informasiya agentliyi məlumat yayıb.
“Martın 30-da Almaniya, Fransa, Polşa və İtaliyanın Moskvadakı səfirləri, həmçinin Niderland, Albaniya, Rumıniya, Ukrayna, Latviya, Litva, Avstraliya, Danimarka və Makedoniyanın diplomatik nümayəndəliklərinin rəhbərləri Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb”, - qurumun saytında dərc olunan məlumatda belə deyilir.
Onlara etiraz notası təqdim edilib və “Skripalın işi” ilə bağlı Böyük Britaniyanın Rusiyanın ünvanına səsləndirdiyi əsassız ittihamların əsasında rusiyalı diplomatları ölkələrindən çıxarılmasına cavab olaraq bu dövlətlərin diplomatik missiyalarının müvafiq sayda əməkdaşının "persona non grata" elan edildiyi bildirilib.
Rusiya XİN-in məlumatında, həmçinin qeyd olunur ki, Belçika, Macarıstan, Gürcüstan və Monteneqronun son anda həmin ölkələrə qoşulduğunu nəzərə alaraq, Moskva onlara qarşı cavab addımları atmaq hüququnu özündə saxlayır.
Bir qədər əvvəl Latviya, Litva, Finlandiya, İtaliya, Polşa və Çexiyanın xarici siyasət idarələri öz diplomatlarının Rusiyadan çıxarıldığı barədə xəbər yayıb.
Xatırladaq ki, martın 29-da Rusiya ABŞ-ın Moskvadakı səfirliyinin 58 əməkdaşını və Yekaterinburq şəhərindəki Baş konsulluğunun 2 işçisini arzuolunmaz şəxs elan edib. Onlar aprelin 5-dək ölkəni tərk etməlidir.