ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla görüşünü səbirsizliklə gözlədiyini və onun Amerika-Şimali Koreya sammiti fonunda “düzgün addımlar” atacağına ümid etdiyini bildirib.
YeniAvropa xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
“Uzun illər bir çox administrasiya dövründə hamı deyirdi ki, Koreya yarımadasında sülhün və nüvəsizləşdirilmənin heç bir şansı yoxdur. İndi Kim Çen In çox güman ki, öz xalqı və bəşəriyyət üçün düzgün olanı edəcək. Görüşümüzü səbirsizliklə gözləyirəm!” – ABŞ lideri özünün “Twitter” səhifəsində belə yazır.
Donald Tramp, həmçinin Çin lideri Si Cinpinin Kim Çen Inla görüşünü müsbət dəyərləndirdiyini qeyd edib. Bundan başqa, Si Cinpin Trampa KXDR liderinin də ABŞ Prezidenti ilə görüşünü gözlədiyini bildirib.
Təəssüf ki, Donald Tramp nəyin bahasına olursa-olsun, maksimal sanksiya və təzyiqlərin saxlanacağını bildirib.
Kim Çen In martın 25-28-də Çinə səfəri çərçivəsində bu ölkənin başçısı Si Cinpinlə danışıqlar aparıb. Çin liderinin sözlərinə görə, bu səfər çox əhəmiyyətlidir və Pxenyanın Çinlə münasibətlərinin inkişafına böyük önəm verdiyini göstərir. ÇXR-ə səfər Kim Çen Inın ölkəyə başçılıq etdiyi müddətdə ilk xarici səfəridir.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri ilə görüşməyə razılıq verib. Siyasətçilərin görüşünün bu il mayın sonlarında baş tutacağı gözlənilir. Cənubi Koreya Prezidenti Mun Ce-in isə öz növbəsində gələcəkdə ABŞ və KXDR ilə üçtərəfli sammitin keçirilməsini də istisna etməyib.