Daşkənddə Əfqanıstan üzrə keçirilən “Sülh prosesi, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət” adlı beynəlxalq konfrans çərçivəsində “Avropa İttifaqı-Mərkəzi Asiya” formatında görüş keçirilib.
YeniAvropa xəbər verir ki, görüşdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistanın xarici işlər nazirləri Əbdüləziz Kamilov, Kayrat Abdraxmanov, Erlan Abdıldaev, Sirojiddin Aslov, Türkmənistan xarici işlər nazirinin müavini Vepa Xaciyev və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini regionlararası qarşılıqlı fəaliyyətin aktual problemlərini müzakirə ediblər.
Görüşdə tərəflər 2019-cu ildə Avropa İttifaqının bu region üçün yeni strategiyasının işlənib hazırlanması və qəbul edilməsi təşəbbüsünü bəyəniblər. Həmçinin regionun iqtisadi inkişaf perspektivləri, ticarət-iqtisadi, sərmayə qoyuluşu, elm-təhsil sahələrində regionlararası əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. Əfqanıstanda vəziyyətin sabitləşməsi, ölkənin sosial-iqtisadi inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.
Bu formatda növbəti görüşün cari ilin ikinci yarısında Brüsseldə keçirilməsi qərara alınıb.