logo

İsveçdə şəhər daxilində dizel mühərrikli avtomobillərin hərəkəti qadağan edilir

09:34 27-03-2018 | icon 2527
İsveçdə şəhər daxilində dizel mühərrikli avtomobillərin hərəkəti qadağan edilir

sveçdə şəhər daxilində dizel mühərrikli köhnə avtomobillərin hərəkəti qadağan edilə bilər. Tezliklə şəhər rəhbərliklərinə bununla bağlı səlahiyyət veriləcək.

YeniAvropa  yerli mətbuata istinadla xəbər verir ki, İsveç hökumətinin bu qərarı ətraf mühitin mühafizəsi və havanın çirklənməsinə qarşı mübarizə tədbirləri çərçivəsində qəbul edilib.

Yeni qərara görə, hökumət dizel yanacağı ilə işləyən avtomobillərin tam qadağan edilməsi deyil, müvafiq tədbirlərin yerli idarəetmə orqanlarına həvalə olunması niyyətindədir. Belə ki, yerli idarəetmə orqanlarına ekoloji zonalar yaradılması və avtomobillərdən istifadənin tənzimlənməsi səlahiyyəti veriləcək. Ekoloji tələblərə - “Euro 5” və “Euro 6” standartlarına cavab verən dizel mühərrikli avtomobillərin bu zonalarda hərəkətinə icazə veriləcək. 2022-ci il iyulun 1-dən isə “Euro 6” normalarına uyğun gəlməyən bütün dizel yanacağı ilə işləyən avtomobillərdən istifadə qadağan ediləcək. Bundan başqa, benzinlə işləyən avtomobillər də “Euro 5” standartlarına cavab verməlidir.

Ekspertlərin fikrincə, yeni qaydalar dizel mühərrikli avtomobillərin üçdə birindən çoxuna şamil olunacaq. Hesablamalara görə, təkcə Stokholmda bu yenilik 50 min sürücünü əhatə edəcək.