Bolqarıstanın Varna şəhərində Avropa İttifaqı-Türkiyə münasibətlərinə dair görüş keçirilib.
YeniAvropa Türkiyənin TRT HABER televiziya kanalına istinadla xəbər verir ki, KİV-lərə qapalı keçirilən görüşdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker və Bolqarıstanın Baş naziri Boyko Borisov birgə mətbuat konfransı keçiriblər.
Görüşün böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran tərəflər əminliklə ifadə ediblər ki, münasibətlərin inkişafı üçün qarşılıqlı anlaşma mühüm amildir.
Türkiyə-Avropa İttifaqı münasibətləri barədə fikir və mülahizələrini bölüşən Prezident Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq siyasəti, Suriyanın Afrin bölgəsində həyata keçirilən antiterror əməliyyatlarının əhəmiyyəti, o cümlədən Kipr problemi, ittifaq ilə Türkiyə arasındakı viza məsələsi və s. barədə ölkəsinin mövqeyini ifadə edib.
Prezident diqqətə çatdırıb ki, Afrindəki əməliyyatlar təkcə Türkiyənin və Suriya xalqının təhlükəsizliyi üçün deyil, Avropanın təhlükəsizliyi üçün də mühüm əhəmiyyət daşıyır.
Sonra tərəflər jurnalistləri maraqlandıran sualları cavablandırıblar.