Almaniyanın BMW şirkəti Çin bazarında satdığı 44 min 52 avtomobili istehsal qüsurları ilə əlaqədar geri çağırır.
YeniAvropa xəbər verir ki, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası qərar qəbul edib. Qərara əsasən, BMW-nin Çindəki müştərək müəssisəsində istehsal olunan BMW 3-cü və X1 seriyasından olan 7 minə yaxın avtomobil geri çağırılacaq. Bundan başqa, Çinə idxal edilən BMW 1-6-cı, habelə X1, X5, X6, M235i, M3, M5 və M6 modelindən olan və 2012-ci ilin avqustundan 2013-cü ilin dekabrınadək müddətdə istehsal olunan 37 min avtomobilin geri çağırılması qərara alınıb.
Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin seriyadan olan avtomobillərin bəzilərinin təhlükəsizlik yastıqlarının qaz generatorlarındakı qüsurlar yastıqların normal fəaliyyətinə imkan vermir. Bu da sürücünün və sərnişinlərin həyatı üçün təhlükə yarada bilər.
Geriçağırılma prosesinə iyun ayından başlanılacaq və avtomobillər yoxlanılaraq, qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.