logo

Misirdə prezident seçkiləri keçirilir

11:47 26-03-2018 | icon 2604
Misirdə prezident seçkiləri keçirilir

Bu gün, Misir vaxtı ilə səhər saat 09:00-da ölkə ərazisindəki bütün seçki məntəqələri açılıb. Səsvermə üç gün ərzində - martın 28-dək davam edəcək.YeniAvropa xəbər verir  ki, səsvermə məntəqələri yerli vaxtla saat 21:00-dək işləyəcəklər.

Misirin Milli Seçki Komissiyasının məlumatına görə, ölkədə səsvermə hüququna malik olan 100 milyona yaxın sakin var. Səsvermədə 59 milyondan çox Misir vətəndaşı iştirak edəcək. Seçki günlərində ölkədə 376 seçki komitəsi və 13.706 seçki məntəqəsi fəaliyyət göstərir. Qahirədə 1400-dən çox seçki məntəqəsi təşkil edilib. Misir paytaxtında təxminən 7,5 milyon seçici var. Seçki məntəqələri əsasən təhsil müəssisələrinin ərazisində yerləşir. Bu məntəqələrin təşkil edildiyi dövlət məktəblərinin tələbə və şagirdləri üç gün tətilə buraxılıb.

Misirdə prezidenti seçkilərini 18 mindən çox hakim, 54 yerli qeyri-hökumət təşkilatı və ictimai təşkilat, 9 beynəlxalq təşkilat, dövlət və hökumət qurumlarının 110 min qulluqçusu, habelə yerli və xarici KİV-lər müşahidə edirlər.

Dövlət başçısı vəzifəsinə cəmi iki namizəd iddia edir – seçkilərin favoriti, ölkənin hazırkı prezidenti, 63 yaşlı Əbdülfəttah əs-Sisi və Misirin “Al Qad” partiyasının lideri, 65 yaşlı Musa Mustafa Musa.

Prezident seçkilərinin rəsmi nəticələri səslər hesablandıqdan sonra, aprelin 2-də elan ediləcək. Əgər namizədlərin heç biri zəruri sayda səs toplamasa, aprelin 24-26-da seçkilərin ikinci turu keçiriləcək. Bu turun nəticələri mayın 1-də rəsmən elan ediləcək.

Xatırladaq ki, xarici ölkələrdə səsvermənin nəticələri ölkə daxilində səsvermənin nəticələri ilə birlikdə elan olunacaq. Xaricdə Misir prezidenti seçkiləri martın 16-dan 18-dək 124 diplomatik nümayəndəliyin ərazisində təşkil edilmiş 139 seçki məntəqəsində keçirilib.

Misir Milli Seçki Komissiyasının sədri Laşin İbrahim bildirib ki, seçki komissiyası ölkədə prezident seçkilərinin sərbəst və şəffaf keçirilməsi üçün hər cür şərait yaradıb. Səsvermədə misirlilərin maksimum sayda iştirak etməsi və seçici fəallığının yüksək olması üçün komissiya bütün tədbirləri görüb. Laşin İbrahimin sözlərinə görə, məhz seçicilərin yüksək fəallığı Misirdə demokratiya və siyasi plüralizm prinsiplərinin təsbit olunmasına kömək edəcək.