logo

Yaponiya hökuməti uçan avtomobillər üçün qanunvericilik bazası yaradır

14:48 20-03-2018 | icon 2331
Yaponiya hökuməti uçan avtomobillər üçün qanunvericilik bazası yaradır

Yaponiya hökuməti uçan avtomobillər üçün qanunvericilik bazasının yaradılmasına başlayıb və bu işdə özəl biznesin imkanlarından da istifadə edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko Tokioda keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir ki, hələlik bu istiqamətdə işlər məhdud xarakter daşıyır. Lakin müxtəlif məsləhətləşmələr və qanunvericilik bazasının yaradılması üçün hazırlıqlar yolu ilə uçan avtomobillərin yaradılmasına yeni biznes tərəfdarları da cəlb ediləcək. “Əgər biz belə maşınların yaradılmasına nail ola bilsək, onda gələcəkdə cəmiyyət üçün quruda, suda və havada tıxaclarsız hərəkəti təmin etmiş olacağıq”, - deyə nazir vurğulayıb.

NHK telekanalının məlumatında qeyd edilir ki, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi uçan avtomobillərin yaradılmasına milli sənayenin inkişafının mühüm perspektiv istiqamətlərindən biri kimi baxır. Bu məqsədlə nazirlik yanında xüsusi mütəxəssislər qrupunun yaradılması da nəzərdə tutulur.

Hazırda dünyanın bir çox ölkələrində uçan avtomobillərin yaradılması istiqamətində işlər davam edir. Yaponiyada “Cartivator” şirkətinin avtomobil istehsalının nəhənglərindən sayılan “Toyota Motor” şirkəti ilə birlikdə bu istiqamətdə çalışdığı bildirilir. Həmin layihəyə əsasən, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı belə avtomobillərin təqdim ediləcəyi gözlənilir.