logo

Ukraynanın Dnepr şəhərində Novruz festivalı keçirilib

12:48 20-03-2018 | icon 2737
Ukraynanın Dnepr şəhərində Novruz festivalı keçirilib

Ukraynanın Dnepr şəhərinin mərkəzi meydanında təntənəli Novruz festivalı keçirilib.YeniAvropa xəbər verir  ki,  festival Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının təşəbbüsü ilə keçirilib.

Festivalda Dnepropetrovsk vilayətinin dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət kollektivləri, diaspor və media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Novruz bayramı ilə əlaqədar Dnepr şəhərinin meri mərkəzi meydanı Azərbaycan diasporunun müraciətinə əsasən soydaşlarımızın ixtiyarına vermişdi. Meydanda böyük səhnə quraşdırılmış, gün ərzində meydanın əsas reklam ekranlarında Novruz bayramının tarixini və Azərbaycanın dinamik inkişafını özündə əks etdirən filmlər yayımlanmışdır.

Novruzun qəhrəmanları olan Keçəl, Kosa və Bahar qızı Azərbaycanın və Ukraynanın bayraqları ilə bəzədilmiş faytonla şəhərin mərkəzi küçələrindən keçərək bayram şənliyi keçirilən meydana gəliblər. Yerli sakinlərin maraqla izlədiyi bayram şənliyinə Novruz tonqalının alovlandırılması ilə start verilib.

Tədbirdə iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Novruz bayramı Azərbaycan xalqının ən sevimli bayramıdır və əsrlər boyu xalqımız sevə-sevə bu bayramı qeyd edir. Bu bayram xalqımızın milli həmrəyliyini göstərir. Bizim milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Ukraynanın ən böyük sənaye mərkəzlərindən olan Dnepr şəhərində Novruzun yüksək səviyyədə keçirilməsi xalqlarımız arasındakı sarsılmaz dostluğun əyani təzahürüdür.

Dnepr şəhərinin merinin müavini Mixail Lısenko şəhərin mərkəzi meydanında belə bir füsunkar bayram şənliyinin keçirilməsini tarixi hadisə adlandırıb.

Novruz adət-ənənələrinin yerli əhali tərəfindən də böyük maraqla və rəğbətlə qarşılandığını bildirən şəhər merinin müavini Novruz bayramı münasibətilə Azərbaycan və Ukrayna xalqlarına xoş arzularını çatdırıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov, Poltava Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov və digərləri Novruz bayramının tarixindən, adət-ənənələrindən danışıblar. Bildiriblər ki, vaxtilə keçirilməsinə qadağa qoyulmuş Novruz bayramının artıq BMT səviyyəsində beynəlxalq bayram kimi keçirilməsi fərəhləndirici haldır.

Bayram şənliyində Ukraynanın xalq artisti Qurban Abbasovun və digər milli rəqs və mahnı ansambllarının ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib. Soydaşlarımız gecə saatlarına qədər Novruz tonqalının ətrafında rəqs edib, şənləniblər.

Keçəllə kosanın duzlu, məzəli söhbətləri və Novruz adət-ənənələrinin nümayiş etdirilməsi ukraynalıları qədim Novruzun zənginliklər dolu nağıllar aləminə qərq edib.

Tədbirin sonunda Azərbaycanla Ukrayna arasındakı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dneprpetrovsk vilayət təşkilatının fəxri sədri Qüdrət Hacıyevə, sədr Nəcəf Əhmədova Dnepr şəhər meriyasının fəxri diplomları təqdim olunub.