Böyük Britaniyada yaxınlaşan güclü qar və soyuqlar səbəbindən 100-dən çox beynəlxalq və daxili reyslər təxirə salınıb və ya ləğv olunub.
YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, “British Airways” aviakompaniyası Nyu-York və Çikaqo, həmçinin Birləşmiş Krallığın və Avropanın Edinburq, Qlazqo, Mançester, Cenevrə, Paris, Amsterdam və digər şəhərlərinə 86 reysi ləğv edib. Həmçinin İrlandiyanın “Aer Lingus” aviadaşıyıcısı 4 uçuşu, Almaniyanın “Lufthansa” və onun törəməsi “Eurowings” də 10 aviareysi ləğv etmək məcburiyyətində qalıb.
Bundan başqa əlverişsiz hava şəraiti Sürix, Oslo, Lissabon, Paris və Amsterdama reyslər həyata keçirməli olan KLM, “Air France”, “TAP Portugal”, SAS və “Swiss” aviasiya kompaniyalarının fəaliyyətinə də ciddi təsir edib. Hazırda “Heathrow” hava limanında 118 aviareys ləğv olunub, 15 min sərnişinin planları pozulub.
“The Independent” qəzetinin məlumatına əsasən, əlverişsiz hava şəraiti Britaniyanın “Gatwick”, “City of London”, “Leeds Bradford”, “East Midlands” və “Manchester” aeroportlarının iş qrafikinə ciddi zərər vurmayıb.
Yerli hökumət orqanları sürücüləri yollarda diqqətli olmağa çağırıb. Bu gün axşam saatlarında regiona güclü yağıntı düşəcəyi gözlənilir. Böyük Britaniyanın meteorologiya xidməti yaxın 2 gün ərzində havanın temperaturunun kəskin enəcəyini və şərq rayonlarının güclü yağıntı ilə üzləşəcəyini bildirir.