Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının hesabat-seçki konfransı keçirilib.
YeniAvropa xəbər verir ki, hesabat-seçki konfransında çıxış edən təşkilatın sədri Qüdrət Hacıyev ötən müddət ərzində görülən işlər barədə məlumat verib.
Q.Hacıyev Azərbaycanın diaspor fəallarının vahid amal ətrafında birləşdirilməsi istiqamətində əldə olunan nailiyyətlərin ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib və bu işin Azərbaycan prezidenti İlham Əliyevin uğurlu siyasəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.
Q.Hacıyevin hesabatı dinlənildikdən sonra səsvermə keçirilib, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının fəal üzvü Nəcəf Əhmədov yekdilliklə təşkilatın sədri, Qüdrət Hacıyev isə fəxri sədri seçilib.
Azərbaycan həqiqətləri və cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasətin nəticələri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında diasporun üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan N. Əhmədov bildirib ki, Azərbaycan prezidentinin uzaqgörən, praqmatik fəaliyyəti həmvətənlərimizin təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu işinin uğurla həyata keçirilməsi baxımından böyük əhəmiyyətə malikdir.