logo

"Statoil" şirkəti adını dəyişir

10:09 16-03-2018 | icon 2247
"Statoil" şirkəti adını dəyişir

Norveçin dövlət neft-qaz şirkəti "Statoil" adını dəyişməyə hazırlaşır.

YeniAvropa Norveç KİV-lərinə istinadla xəbər verir ki, bu barədə təklif şirkətin Direktorlar Şurasının iclasında irəli sürülüb. Bundan sonra şirkətin “Equinor” adlanacağı bildirilir.

Bu addımın şirkətin neft və qaz hasilatından kənar enerji resursları ilə əlaqəli biznesini genişləndirmək strategiyasından irəli gəldiyini qeyd edən jurnalistlər yeni adın iki sözün birləşməsindən - Equi (bərabər, balanslı) və nor (Norveç) sözündən ibarət olduğunu diqqətə çatdırıblar.

Məsələ ilə bağlı yayılan press-relizdə şirkətin İdarə Heyətinin sədri Jon Erik Reinhardsen deyib: “Dünya dəyişir, Statoil də həmçinin. Müasir enerji sisteminin ən böyük dəyişikliklər məruz qaldığına şahidlik edirik və biz bu inkişafın önündə olmağa çalışırıq”.

Rebrendinqin təxminən 230-250 milyon Norveç kronuna (30-32 milyon dollara) başa gələcəyini yazan KİV-lər şirkətin adının dəyişdirilməsi barədə qərarın tam olaraq qüvvəyə minmədiyini də vurğulayıblar. Belə ki, məsələ ilə bağlı yekun qərarın cari il mayın 15-də keçiriləcək səhmdarların illik yığıncağında qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, Statoil 1972-ci ildə yaradılıb və hazırki adı "dövlət neft" kimi tərcümə olunur. Statoil dünyanın ən böyük neft-qaz şirkətlərindən biridir və onun əsas səhmləri Norveç hökumətinə məxsusdur. Şirkətin mənzil-qərargahı Stavanger şəhərində yerləşir.