Yaxın iki ay ərzində Koreya yarımadasında tarixi dəyişikliklər baş verə bilər.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Koreya Respublikasının prezidenti Mun Ce-in martın 13-də müşavirləri və köməkçiləri ilə görüşü zamanı bu dəyişikliklərin qarşıdakı koreyalararası və ABŞ-Şimali Koreya sammitləri ilə bağlı olduğunu bildirib.
“Koreya yarımadasında nüvəsizləşmə və sülh üçün əlverişli şərait yaranıb. Əgər sammitlər uğurla başa çatsa, bu, bütün dünyaya böyük dəyişikliklər gətirəcək”, - deyə prezident vurğulayıb.
Mun Ce-in bütün tərəfləri bu tarixi şansdan istifadə etməyə çağırıb. Bununla yanaşı o, indiyədək heç kimin yarımadada köklü dəyişikliyə nail olmadığı üçün həddən artıq optimist fikirlərdən də çəkinməyi tövsiyə edib.
Danışıqların uğuru üçün əsas hərəkətverici qüvvənin ictimai dəstək olduğunu əlavə edən Cənubi Koreya lideri ölkə vətəndaşlarını və mühafizəkar müxalifət nümayəndələrini dar partiya maraqları çərçivəsindən kənara çıxmağa və gələcək sammitlərin uğuru üçün birləşməyə çağırıb.
Xatırladaq ki, Koreya Respublikasının prezidenti yanında Milli Təhlükəsizlik İdarəsinin rəisi Çon Iy Yön və Milli Kəşfiyyat İdarəsinin direktoru So Hun martın əvvəlində Pxenyana səfər edərək KXDR lideri Kim Çen Inla görüşüblər. Görüş zamanı aprel ayının sonlarında KXDR və Koreya Respublikası liderlərinin sammitinin keçirilməsi barədə razılıq əldə olunub.
Eyni zamanda, Pxenyan Vaşinqtonla münasibətlərin normallaşdırılması üçün danışıqlara və yarımadanın nüvəsizləşdirilməsi mövzusunu müzakirə etməyə hazır olduğunu da bildirib. Kim Çen Inla ABŞ Prezidenti Donald Trampın görüşünün may ayında baş tutması gözlənilir.