logo

AFR-in yeni federal hökuməti formalaşıb

17:28 10-03-2018 | icon 2303
AFR-in yeni federal hökuməti formalaşıb

Almaniyada bundestaqa seçkilərdən 5 ay sonra, nəhayət, federal hökumət formalaşıb.

YeniAvropa xəbər verir  ki,indi AFR-in yeni federal hökumətinin tərkibi aşağıdakı kimidir.

59 yaşlı Olaf Şolts yeni maliyyə naziridir. Sosial-demokrat Şolts öz sələfi, XDİ-dən olan Volfqanq Şoyblenin büdcədə kəsirə yol verməmək işini davam etdirməlidir, lakin bu məsələ onu çəkindirmir. Şolts iqtisadiyyatın artımı fonunda yeni borclar alınmasını planlaşdırmır. Bu öhdəlik koalisiya müqaviləsində qeydə alınıb, hərçənd bu cür iqtisadiyyat sosial-demokratların heç də hamısının xoşuna gəlmir. Olaf Şolts həm də yeni nazirlər kabinetində vitse-kansler olacaq.

Xarici İşlər Nazirliyinin indiki rəhbəri Ziqmar Qabriel əmin idi ki, partiya üzrə həmkarları onun bu vəzifədə qazandığı uğurları qiymətləndirəcək və onun namizədliyini dəstəkləyəcəklər. Lakin partiyadaxili mübarizə nəticəsində bu vəzifə gözlənilməz bir namizədə - indiki ədliyyə naziri, sosial şəbəkələrdə hüquqların qorunması barədə qanunun qəbul edilməsi ilə fərqlənmiş 51 yaşlı Hayko Masa qismət oldu. Tənqidçilər bu qanunun az qala internetdə senzur dövrünün başlanması hesab edirlər.

68 yaşlı Horst Zeyehofer 10 ilə yaxın müddətdə Bavariyanın rəhbəri olub. İndi bu siyasətçi daxili işlər naziri kürsüsünə sahib olacaq. Bu qurumun adı dəyişdiriləndən sonra “Daxili İşlər, Tikinti və Regional İnkişaf Nazirliyi” adlanacaq. Hazırda onu qeyri-rəsmi şəkildə “Vətən Nazirliyi” adlandırırlar.

Ursula fon der Lyayen müdafiə naziri vəzifəsində işini davam etdirəcək. XDİ partiyasından olan 59 yaşlı siyasətçi ordunun yenidən təchiz edilməsi məsələsinin öhdəsindən gəlməli və NATO ölkələrinin müdafiə büdcəsini ölkənin ümumi daxili məhsulunun 2 faizinə qədər artırmaq vədini yerinə yetirməlidir. Ursula fon der Lyayen alyansın baş naziri vəzifəsinə irəli sürülməsi ehtimal olunan namizəd hesab edilir. Bu vəzifəyə seçkilər iki ildən sonra keçiriləcək.

Belə hesab edirlər ki, Angela Merkel kansler idarəsinin rəhbəri Peter Altmayerə bütün məsələlər barədə etibar edir. XDİ nümayəndəsi olan 59 yaşlı siyasətçini indi yeni vəzifə gözləyir. O, İqtisadiyyat və Energetika Nazirliyinə rəhbərlik edəcək. Daha nüfuzlu qurum olan Maliyyə Nazirliyi sosial-demokratlara veriləndən sonra XDİ Merkelə yaxın olan bu nüfuzlu siyasətçini əhəmiyyətinə görə ikinci iqtisadi vəzifəyə təyin edib.

Xelqe Braun da XDİ Partiyasını təmsil edir. Deyilənə görə, o da Merkelin etibarını qazanıb. 45 yaşlı Braun indiyə qədər kanslerin yanında dövlət naziri vəzifəsini icra edirdi, indi isə kansler idarəsinin rəhbəri vəzifəsinə sahib olacaq. Deyilənə görə, rəisi Braunu çox yüksək qiymətləndirir, Braun mühüm mövqe tutacaq və yeni texnologiyaların tətbiqi üzrə işləri əlaqələndirə biləcək.

Ədliyyə naziri sosial-demokratlar vəzifəsinə əslən Kölndən olan Katarina Barlyayı irəli sürüblər. İxtisasca hüquqşünas olan Barlyay indiyə qədər ailə, ahıllar, qadınlar və gənclər məsələləri üzrə nazir funksiyasını icra edirdi.

ASDP-nin sabiq baş katibi Xubertus Hayl Merkelin yeni hökumətində əmək naziri olacaq. 1988-ci ildə 16 yaşında ikən partiyaya daxil olaraq siyasət aləminə gəlmiş Hayl 10 ildən sonra öz dairəsindən Bundestaqa seçilib.

45 yaşlı Yuliya Klökner kənd təsərrüfatının və şərabçılığın mühüm rol oynadığı Reynland-Pfalts əyalətindəndir. İki il Kənd Təsərrüfatı Nazirliyi yanında parlament dövlət katibi olmuş Klökner indi həmin nazirliyə başçılıq edəcək.

Nəqliyyat Nazirliyinə 43 yaşlı Andreas Şoyer rəhbərlik etməlidir. Bundan əvvəl o, Bavariyada XSİ Partiyasının baş katibi olub. Şoyerin məsuliyyət daşıdığı bir sahə də rəqəmsal texnologiyaların tətbiq edilməsi məsələləridir. Bundan əvvəlki nəqliyyat naziri Aleksander Dobrindt də Bavariyadan idi.

AFR-in iqtisadi əməkdaşlıq və inkişafı məsələləri üzrə nazir Gerd Müller çox tez-tez xarici səfərlərdə olur. XİN rəhbərini nəzərə almasaq AFR nazirlərinin heç biri bu məsələdə onunla müqayisə edilə bilməz. XSİ nümayəndəsi olan 62 yaşlı Müller bu vəzifəni yenə özündə saxlayacaq. Onun əsas vəzifəsi yoxsul ölkələrin inkişafına kömək etmək və miqrasiyaya gətirib çıxaran səbəblərə qarşı mübarizə aparmaqdır.