Hava şəraitinin kəskin dəyişməsi, güclü külək, dənizdə qasırğa, qar və yağış Gürcüstanda ciddi fəsadlar törədib.
YeniAvropa xəbər verir ki, güclü külək nəticəsində paytaxt Tbilisidə bir neçə ağac aşıb, avtomobillərə və infrastruktura ciddi ziyan dəyib, bəzi rayonlarda elektrik naqilləri qırılıb, yollarda nəqliyyatın hərəkəti pozulub. Şota Rustaveli adına Tbilisi Beynəlxalq aeroportun uçuş-enmə zolaqlarında təhlükəsizliyi təmin etmək mümkün olmadığı üçün bir neçə reys təxirə salınıb.
Ölkənin müvafiq dövlət strukturları, metereoloqlar, Tbilisi şəhər meriyası əhaliyə müraciət edib. Sakinlərə imkan daxilində, zərurət yaranmadığı halda evdən çıxmamaq, yaranmış qəzaların nəticələrini özbaşına aradan qaldırmağa cəhd göstərməmək, ağaclardan, yüngül konstruksiyalı tikililərdən uzaq durmaq tövsiyə olunub.
Poti və Kulevi limanlarında, Batuminin Qara dəniz sahillərində 6 ballıq qasırğa gözləndiyi barədə xəbərdarlıq edilib.
Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Yuxarı Lars yolu günün ikinci yarlısında bağlanıb. Həmin ərazilərə yağan güclü yağış və qar nəticəsində uçqunlar yaranıb.
Əlverişsiz hava şəraitinin martın 10-da da davam edəcəyi bildirilir.