“Forbes” jurnalının siyahısında Birləşmiş Ərəb Əmirliklərindən yeddi milyarder var
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan yeddi iş adamı “Forbеs” jurnalının dünyanın ən zəngin adamları siyahısına daxil edilib.
YeniAvropa xəbər verir ki, BƏƏ-də yaşayan yeddi milyarderin ümumi sərvəti 27,3 milyard dollardır. Əmirliyin ən varlı adamı isə Abdulla ben Əhməd Al Qureyr adlı iş adamıdır. “Mashreq Bank"ın təsisçisi və eyniadlı qida, tikinti və daşınmaz əmlakla məşğul olan ailə holdinqinin qurucusunun kapitalı 5,9 milyard dollar həcmində qiymətləndirilir. O, 4,6 milyard ABŞ dolları məbləğində sərvət sahibi olan, 12 otelin və 21 ticarət kompleksinin sahibi Məcid Əl Futeiminın yerini tutub.
“Forbes” jurnalının siyahısına, həmçinin Dubayın “Damac Properties” şirkətinin sədri Hüseyn Səcvani (4,1 milyard dollar), “Al Futtaim Group” konqlomeratının sahibi və “Toyota” avtomobillərinin eksklüziv dileri Abdulla Al Futeym (3,3 milyard dollar), iş adamları Səid Al Kubeysi (2,7 milyard dollar), Seyf Al Qureyr (1,9 milyard dollar) və Xəlifə Al Muheyri (1,5 milyard dollar) daxil edilib.
Jurnalın araşdırmasına görə, bu gün dünyada ümumi sərvətləri 9,1 trilyon dollar təşkil edən 2208 milyarder qeydə alınıb.