logo

Polşa Almaniyadan  850 milyard dollar təzminat istəyir

11:39 04-03-2018 | icon 2226
Polşa Almaniyadan  850 milyard dollar təzminat istəyir

Polşa İkinci Dünya müharibəsinin gedişində Almaniyanın ona vurduğu zərəri 850 milyard dollar həcmində qiymətləndirib.

YeniAvropa yerli KİV-lərə istinadla xəbər verir  ki,  bunu reparasiyalar üzrə komissiyanın başçısı Arkadiuş Mulyarçik “Rzeczpospolita” nəşrinə bildirib. Onun sözlərinə görə, bu, böyük məbləğdir, lakin Polşa şəhər və kəndlərinin, iqtisadi və sənaye infrastrukturunun dağılması, həmçinin müharibənin demoqrafik nəticələri nəzərə alınsa, haqq qazandırılası məbləğdir.

Bu il Mulyarçikin komissiyası hökumətə hesabat təqdim etməlidir. Varşava həmin hesabat əsasında Berlinə rəsmən reparasiya tələbi ilə müraciət edə biləcək. Bir qədər əvvəl isə Almaniya Polşa qarşısında bütün öhdəliklərini yerinə yetirdiyini və reparasiya ödənilməsi məsələsini nəzərdən keçirməyəcəklərini bildirib.

Müharibədən sonra Polşanın SSRİ-dən 1,5 milyard dollar kompensasiya vəsaiti alacağına qərar verilmişdi. 1954-cü ildə Polşa hökuməti reparasiya almaqdan imtina etmişdi; ölkənin hazırkı hökuməti bu qərarın sovet rəhbərliyi tərəfindən zorla diktə olunduğunu bildirir.

Mulyarçik Polşanın Rusiyadan kompensasiya tələb etməyə qanuni əsaslarının olduğunu, lakin rəsmi Moskva “beynəlxalq hüquqa riayət etmədiyinə görə” Almaniyadan təzminat alınmasının daha real göründüyünü deyib.